ELM VƏ TEXNOLOGİYA

Bəlli olduğu kimi, hz. Muhəmməd (s.ə.v) günümüzdən 14 əsr əvvəl yaşamışdır. Tarixi mənbələr ərəb cəmiyyətinin Quranın təbliğ edildiyi dövrdə kainat və təbiət üzərində hər hansı bir araşdırma apara biləcək texnologiyaya sahib olmadığını göstərir. Qeyd etdiyimiz bu ifadələrin mənası budur ki, Peyğəmbərimizin (s.ə.v) yaşadığı dövrlə əsrimizin elm və texnologiya səviyyəsi arasında müqayisə edilə bilməyəcək bir fərq var. Əslində, bu fərqlər XX əsrin əvvəli ilə XXI əsrin başlanğıcı arasında da böyükdür. Bundan bir neçə on il əvvəl adları da tələffüz edilməyən texnologiya sahəsindəki bəzi yeniliklərin bu günümüzün əvəzedilməz ünsürləri olması buna canlı dəlildir. Bu möhtəşəm fərqlərə baxmayaraq, Peyğəmbərimiz (s.ə.v) VII əsrdə gələcəklə bağlı bəzi xəbərlər vermişdir. Sonrakı səhifələrdə də axırzamandakı elm və texnologiya şəraitini təsvir edən hədislər qeyd ediləcək, Peyğəmbərimizin (s.ə.v) 14 əsr əvvəl verdiyi xəbərlərin günümüzdə eynilə gerçəkləşdiyi göstəriləcəkdir.

Tibb texnologiyası

Uzun müddət yaşamaq əsrlər boyu insanların əsas hədəflərindən biri olmuşdur. Bu yolda böyük əmək sərf edilmişdir. Mövzu ilə bağlı olaraq hz. Muhəmməd (s.ə.v) də axırzamandakı inkişafı xəbər verdiyi bir hədisində bunları söyləmişdir:

“Onun dövründə... ömürlər uzanacaqdır”. (“Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər”, səh. 43)

Peyğəmbərimizin (s.ə.v) verdiyi bu xəbərin üstündən 14 əsr keçmişdir. Araşdırmalar ötən bu dövrlər arasında ortalama yaş həddinin digər bütün dövrlərdən çox olduğunu açıq-aydın ortaya qoyur.

Hətta XX əsrin ortaları ilə axırları arasında da böyük fərqlər var. Məsələn, 1995-ci ildə anadan olmuş bir uşağın 1900-cü illərdə anadan olan başqa bir uşağa görə təxminən 35 il daha uzun yaşayacağı təxmin edilir.Bu mövzudakı başqa mühüm bir misal da keçmişdə 100 ildən artıq yaşayan insanların çox nadir hallarda, günümüzdə isə çox olmasıdır.

BMT-nin Əhali Departamentinin mənbələrinə görə, son bir neçə ildə dünya əhalisi yüksək ölüm nisbətlərindən aşağı ölüm nisbətlərinə tərəf diqqətəlayiq bir keçid dövründədir. “Demoqrafik inqilab” adlandırılan bu inkişafın mərkəzində də yaşlıların say etibarı ilə və nisbətən artımı yer alır. Belə sürətli və irimiqyaslı bir inkişafın sivilizasiya tarixinin heç bir dövründə görünmədiyi də eyni mənbədə vurğulanır.

Şübhəsiz ki, həyatdakı bu artım da səbəbsiz deyil. Tibb texnologiyasının inkişafı ilə bağlı olaraq səhiyyə xidmətlərindəki inkişaf insanların belə bir nemətə qovuşmasına imkan yaradır. Bundan əlavə, genetika elmindəki inkişaf və hələ də böyük sürətlə inkişaf edən Genom (DNT) proyekti tibb sahəsində yeni bir dövrü başladır. Bu inkişaf keçmiş dövrlərdə yaşayan insanların xəyallarına da gətirə bilməyəcəyi bir ölçüdədir. Bütün bunlara əsaslanaraq bunu söyləmək mümkündür: yaşadığımız əsrin insanları yuxarıdakı hədisin xəbər verdiyi uzun və sağlam həyat standartlarını əldə etmişlər.