MÜHARİBƏLƏR VƏ ANARXİYA
Peyğəmbərimiz (s.ə.v) axırzamanın xüsusiyyətlərindən bəhs etdiyi bir hədisində bunları xəbər vermişdir:
Dünya hərc-mərclik içində qalanda, fitnələr zühur edəndə, yollar kəsiləndə, bəziləri bəzilərinə hücum edəndə...” (“Qiyamət və axirət və axırzaman əlamətləri”, səh. 454)
“Hərc-mərclik” kəlməsinin lüğəvi mənası “darmadağınlıq”, “qarmaqarışıqlıq”dır. Hədisdə bu vəziyyətin müəyyən bir bölgə ilə məhdudlaşmayacağı, dünyanın hər tərəfinə yayılacağı bildirilir. Yolların kəsilməsi və bəzi insanların digərlərinə hücum etməsi də hədisdə işarə edilən dövrün əlamətləri arasındadır. Başqa bir hədisdə də yuxarıdakı hadisə oxşar bir şəkildə ifadə edilir: “Qiyamət yaxınlaşır... hərc çoxalır”, - deyən Peyğəmbərimizdən (s.ə.v) “hərc”in nə olduğunu soruşmuşlar. Peyğəmbərimiz (s.ə.v) də “hərc”in cavabının “öldürmək” olduğunu bildirmişdir (“Quran və sünnədə qiyamət və axirət”, səh. 172).
Peyğəmbərimizin (s.ə.v) bu məsələ ilə bağlı bizə çatan digər hədislərindən bəziləri də bunlardır:
“Qiyamətə yaxın vaxtlarda anarxiya və qarışıqlıq günləri var”. (Suyuti, “Camius-səğir”, 3/211; Əhməd bin Hənbəl, “Müsnəd”, 2/492)
“Bu hadisələr meydana gəlməyənə qədər qiyamət qopmayacaq: ölüm hadisələri və qətliamlar geniş yayılacaq...” (“Camius-səğir”, 3/211; “Müsnəd”, 2/492, 4/391, 392)
Yuxarıdakı hədislərin tədqiq edilməsi bizi çox mühüm nəticələrə gətirib çıxarır. Peyğəmbərimiz (s.ə.v) bəhs etdiyi döyüşlər, qarışıqlıq, xaos və qətliamlarla bütün yer üzünü bürüyən müharibələri və terror hadisələrini təsvir edir, bu hadisələrin də qiyamətin əlamətlərindən olduğunu bildirir.
Arxada qalan 14 əsrlik dövrə baxanda görürük ki, XX əsrdən əvvəlki müharibələr bölgələrə məxsus olmuşdur. Dünyadakı bütün xalqları, siyasi mexanizmləri, iqtisadiyyatı, sosial həyatı öz təsiri altına salan müharibələr isə yaxın tarixdə yaşanan iki dünya müharibəsi olmuşdur. I Dünya Müharibəsində 20 milyondan, II Dünya Müharibəsində isə 50 milyondan çox insan ölmüşdür. II Dünya Müharibəsinin tarixin ən qanlı, ən böyük və ən dağıdıcı müharibəsi olduğu bəlli həqiqətdir.
Dövrümüzün müasir döyüş texnikası, nüvə, bioloji və kimyəvi silahları müharibələrin təsirini tarixdə görünməyən ölçülərə gətirib çıxarmışdır. Hətta kütləvi qırğın silahlarına görə dünyanın III Dünya Müharibəsinə tab gətirə bilməyəcəyi qəbul edilmişdir.
II Dünya Müharibəsindən sonra soyuq müharibə, Koreya, Vyetnam, ərəb-İsrail, İran-İraq və Körfəz müharibələri əsrimizin ən mühüm hadisələridir. Regional müharibələr, vuruşmalar və vətəndaş müharibələri eyni anda dünyanın əksər bölgələrində dağıdıcı nəticələrə gətirib çıxarır. Bosniya, Fələstin, Əfqanıstan, Kəşmir və dünyanın adını çəkmədiyimiz müxtəlif yerlərində baş verən hadisələr bəşəriyyəti öz təsiri altına almaqda davam edir.
Müharibələr qədər dünyanın bütün insanlarını maraqlandıran başqa bir xaos isə beynəlxalq və təşkilatlanmış terror hadisələridir. Boston Universitetindən professor Voytiç Mestninin bildirdiyi kimi, terror hadisələri XX əsrin ortalarından sonra həddindən artıq çoxalmışdır.4 Həqiqətdə isə terrorizmin XX əsrə məxsus olduğunu söyləmək də mümkündür. İrqçilik, kommunizm və bunlara bənzər ideoloji məqsədlərlə və yaxud da etnik iddialarla ortaya çıxan təşkilatlar inkişaf edən texnologiyanın köməyi ilə qanlı əməliyyatlar törətmişlər.
Dünyada yaxın dövrlərdə baş verən terror hadisələri böyük qarışıqlığa səbəb olmuşdur. Bu kədərləndirici hadisələrdə çox qanlar tökülmüş, saysız insanlar ölmüş və ya şikəst olmuşdur. Ancaq bəşəriyyət hələ də faciələrdən özünə düşən payı almamışdır. Terror dünyanın əksər ölkələrində öldürücü anarxiya hadisələrinə səbəb olmaqda davam edir.
Mövzu ilə bağlı ayələrdən də bəzi dərslər çıxara bilərik. “Rum” surəsində insanların etdiyi əməllər səbəbi ilə yer üzündə qarışıqlıqların ortaya çıxdığı belə xəbər verilir:
“İnsanların öz əlləri ilə etdikləri pis əməllər üzündən suda və quruda fəsad, pozuntu əmələ gələr ki, Allah onlara etdikləri bəzi günahların cəzasını daddırsın və bəlkə onlar qayıtsınlar” (“Rum”, 30/41).
Bunu da əlavə etmək lazımdır ki, ayədə vacib bir məsələ xatırladılır. İnsanların səhvləri ucbatından baş verən faciə və kədərlər onları bu səhvlərindən dönməsi üçün bir fürsət anlamına gəlir.
Qısası, dünyanın hərc-mərclik içində qaldığı dövr hazırda yaşadığımız əsrdə bütün yönləri ilə yaşanmış və nəticə qiyamətin bir əlaməti olaraq bu cür təcəlli etmişdir. Eyni zamanda, bu əlamət insanlara Quran əxlaqını yaşamaq üçün çox mühüm bir xəbərdarlıq olmuşdur.